Əsas anlayışlar

 
Təhsil krediti – fənnin məzmununa və həcminə uyğun olaraq, onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir.
İxtisasın (ixtisaslaşmanın) tədris planı – ali təhsilin müvafiq səviyyəsində ixtisas (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun olaraq tədris olunan fənlərə və auditoriyadankənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəddir.
İxtisasın (ixtisaslaşmanın) tədris qrafiki – ixtisasın (ixtisaslaşmanın) tədris planında göstərilmiş fənlərin tədris illəri üzrə bölgüsünü əks etdirən sənəddir.
Tələbənin fərdi tədris planı – tələbənin tədris ili ərzində təhsil alacağı fənləri, onların müvafiq kreditlərini, fənlər üzrə müəllimlərin siyahısını əks etdirən sənəddir.
İxtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planı – ixtisasın (ixtisaslaşmanın) tədris planı və tələbələrin fərdi tədris planlarına uyğun hazırlanmış sənəddir.
Müəllimin illik işçi tədris planı – müəllimin tədris etdiyi fənləri, mühazirə və məşğələlərə (laboratoriyaya) ayrılan saatların miqdarını, həmin fənlərin semestrlər üzrə tədrisini, həmçinin fənn üzə tələbələrin sayını özündə əks etdirən sənəddir.
Tələbənin sərbəst işi – tələbənin fərdi şəkildə nəzərdə tutulmuş tapşırıqları sərbəst və müəllimin rəhbərliyi ilə auditoriyadankənar həyata keçirdiyi müstəqil işidir.
Akademik məsləhətçi (tyutor) – ali təhsil müəssisələrində tədris məsləhətçisidir.
Akademik mobillik – tələbənin və professor-müəllim heyətinin ölkədaxili və xarici ölkələrin ali təhsil müəssisələrində müvafiq olaraq sərbəst təhsil almaq və akademik fəaliyyət göstərmək hüququdur.
AKTS (Avropa Kredit Transfer Sistemi) – təhsil proqramı ilə müəyyən olunmuş kompetensiyalara nail olmaq üçün tələbənin iş yükünü və təhsilalma trayektoriyasını müəyyənləşdirən sistemdir. Bu sistem həmçinin tələbələrin mobilliyini təmin edir və təhsil proqramlarının dövlətlərarası müqayisəsi və tanınması prosedurlarını asanlaşdırır.
Prerekvizit fənlər – öncə tədrisi zəruri olan fənlər.
Transkript – tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri və qiymətləri (rəqəm və hərflərlə) özündə əks etdirən sənəddir.
Fənlər üzrə qeydiyyat – tələbələrin təhsil müəssisəsinin müəyyən etdiyi qaydada fənləri seçmə prosedurudur.
Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) – tələbənin təhsil proqramını mənimsəmə səviyyəsinin göstəricisidir. ÜOMG tələbənin tədris fəaliyyətini fəallaşdırmaq, özünənəzarət mexanizmini yaratmaq, tədrisdə əldə etdiyi nailiyyətlərini qiymətləndirmək məqsədilə tətbiq edilir.
Akademik təqvim – ali təhsil müəssisəsində tədris ili üzrə nəzərdə tutulmuş tədbirləri özündə əks etdirən sənəddir.
Müvəffəqiyyətlə təhsil alan tələbə - fərdi tədris planında qeyd olunan bütün fənlər üzrə müəyyən olunmuş kreditləri qazanan tələbədir.
Akademik borcu olan tələbə - fərdi tədris planın qeyd olunan fənlərdən ən azı birindən müəyyən olunmuş krediti qazana bilməyən tələbədir.